logo

Rusiya erməni jurnalistini Bakıya göndərir

12:10 10-06-2021 | icon 7098
Rusiya erməni jurnalistini Bakıya göndərir

Rusiyanın "Matç TV” telekanalının əməkdaşı Nobel Arustamyan "EURO-2020"nin final mərhələsinin "A" qrupunda yer alan komandaların Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarını işiqlandırmaq üçün akkreditasiya alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, uzun müzakirələrdən sonra N.Arustamyan UEFA tərəfindən qeydiyyata alınıb: "İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün qeydiyyatdan keçdi. Çalışmağa davam edirik”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın "Matç TV” kanalının baş redaktoru Tina Kandelaki kanalın şərhçisi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. O, buna səbəb kimi isə Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərmişdi. T.Kandelaki bildirib ki, erməni jurnalist Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan ona akkreditasiya verməkdən imtina edib.

AFFA-nın icarçı vitse-prezidenti Elxan Məmmədov məsələyə belə münasibət bildirib: “Həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”.

Xatırladaq ki,"EURO-2020"  11 iyun – 11 iyul tarixlərində qitənin 11 şəhərində keçiriləcək. A qrupunun oyunları çərçivəsində iyunun 12-də Uels – İsveçrə, 16-da Türkiyə - Uels, 20-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda baş tutacaq. İyulun 3-də isə paytaxtımızda 1/4 final mərhələsinin görüşü oynanılacaq.