logo

Bakıda keçirilən sərgidə dünyanın 27 ölkəsindən 248 şirkət iştirak edir

09:08 10-06-2021 | icon 4942
Bakıda keçirilən sərgidə dünyanın 27 ölkəsindən 248 şirkət iştirak edir

Bu gün, iyunun 10-da Bakı Ekspo Mərkəzində öz işinə başlayan 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgisində dünyanın 27 ölkəsindən 248 şirkət iştirak edir. 

YeniAvropa xəbər verir ki, sərgilərdə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Əfqanıstan, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva və Niderland kimi ölkələri təmsil edən şirkətlər öz məhsullarını təqdim edirlər.

Sərgilərdə, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edir.

Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirir.

Bakı Ekspo Mərkəzində keçirilən sərgilər iyunun 12-dək davam edəcək.

Xatırladaq ki, 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri “Caspian Event Organisers” şirkətinin pandemiya səbəbindən ötən ildən bəri Bakıda təşkil etdiyi ilk sərgidir.

Yaz-yay mövsü üçün planlaşdırılan digər ənənəvi sərgilər keçirilməyəcək.

Payız mövsümündə, pandemiyanın səviyyəsindən asılı olaraq, digər ənənəvi sərgilərə yenidən start veriləcək.