logo

9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

17:11 02-05-2018 | icon 4326
9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də Bakı, Şirvan, Naxçıvan, martın 11-də isə Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran şəhər və rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

DİM-dən YeniAvropa-ya bildiriblər ki, imtahanda iştirak etmiş şagirdlər (75 min 90 nəfər) bu qurumun internet saytında https://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalıtipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıqtipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Beləliklə, şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladıqları bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıqtipli, ümumilikdə 30 tapşırıq təqdim olunur. Bu mərhələdə Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə şagirdlərin Azərbaycan (rus) dili fənni üzrə açıqtipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalıtipli tapşırıqların hər biri bir balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıqtipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) mayın 10-dan 11-dək və 14-dən 16-dək saat 10.00-dan 17.00-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Müraciət etmək istəyənlər mayın 3-dən 4-dək və 7-dən 8-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apellyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Martın 18-də və aprelin 15-də keçirilmiş imtahanların yazı işləri üzrə nəticələr də yaxın günlərdə açıqlanacaq.

İnşaların (esselərin) yoxlanılması prosesi isə davam edir, buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək onların da nəticələri elan olunacaq.