logo

Abituriyentlərin nəzərinə: müsabiqə şərtlərində bəzi dəyişiklik var

11:40 26-05-2021 | icon 5943
Abituriyentlərin nəzərinə: müsabiqə şərtlərində bəzi dəyişiklik var

Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar mayın 26-da keçirilən mətbuat konfransında məlumat verib.

Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:

I ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

-Meliorasiya mühəndisliyi;

-Texnologiya müəllimliyi;

-Ekologiya mühəndisliyi.

Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150 dən və imtahanın ikinci mərhələsi üzrə balı 50 dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

-Aqronomluq;

-Balıqçılıq;

-Meşəçilik;

-Şərabçılıq;

-Torpaqşünaslıq və aqrokimya;

-Yerquruluşu və daşınmaz əmlakın kadastrı;

-Zoomühəndislik.