logo

DTX:“Taliban”ın tərkibində döyüşən azərbaycanlılar həbs edildi

15:58 07-05-2021 | icon 1645
DTX:“Taliban”ın tərkibində döyüşən azərbaycanlılar həbs edildi

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.

YeniAvropa DTX-nin saytına istinadla xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.

Araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.

Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.