logo

Xalq artisti Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək 

11:28 07-05-2021 | icon 7224
Xalq artisti Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək 

Xalq artisti Arif Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

"Unudulmaz sənətkar bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək",-deyə o, bildirib. 

Xatırladaq ki, xalq artisti Arif Quliyev ötən gecə vəfat edib. O, bir müddətdən bəri COVID-19-a qarşı müalicə aldığı "Yeni Klinika"da dünyasını dəyişib. 

Qeyd edək ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalmışdı.

Arif Quliyev 1993-cü ildə xalq artisti fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!