logo

Aprelin 27-dən I siniflərinə şagird qəbulu başlayır

11:59 20-04-2021 | icon 7350
Aprelin 27-dən I siniflərinə şagird qəbulu başlayır

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumtəhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Bu barədə YeniAvropa-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq.

Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı əlavə məlumatı Təhsil Nazirliyinin rəsmi saytında təqdim olunan sual-cavab faylından əldə etmək olar.