logo

“Azercell” Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16:56 16-04-2021 | icon 5173
“Azercell” Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daima dəstək olan “Azercell” şirkəti bu istiqamətdə icra etdiyi Tələbə Təqaüdü və Təcrübə Proqramlarının uğurlarını bölüşür. On ildən artıqdır reallaşdırılan bu proqramlar çərçivəsində hər il Azərbaycanın universitetlərində təhsil alan onlarla istedadlı gənc “Azercell”dən xüsusi təqaüd və şirkətdə təcrübə keçmək imkanı qazanır.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətdən bildirilib. 

Tələbə Təqaüdü proqramının iştirakçıları “Azercell”in təqdim etdiyi dəstək hesabına fərdi inkişafa nail olaraq daha böyük uğurlar əldə ediblər. Proqram iştirakçısı olan tələbələr “Azercell” təqaüdünün onların həyatını dəyişdiyini, təhsillə bağlı ən böyük arzularını reallaşdırmasına yardımçı olduğunu bildirirlər.

Uğur və nailiyyətlərini bölüşən “Azercell” təqaüdçüləri qeyd edirlər ki, proqrama seçilmələri onların növbəti nailiyyətləri üçün güclü stimul olub. Gənclərin əksəriyyəti bu təqaüdü təhsil aldıqları ixtisas üzrə peşəkar təlimlərə xərcləməklə gələcəkdə uğurlu karyeralarının təməlini atıblar. Onlar “Azercell” təqaüdü hesabına proqramlaşdırma və dil biliklərini təkmilləşdirmək üçün müxtəlif ödənişli kurslara qatılıblar. Təqaüdçülərdən bəziləri bir sıra tədbir və konfranslarda, bilik yarışları və debat oyunlarında iştirak edərək qalib olublar. Tələbələrin bir neçəsi son bir il ərzində maraqlı və məsuliyyətli layihələrə cəlb olunduqlarını açıqlayıblar. “Azercell” təqaüdçüləri sırasında elmi müsabiqələrdə qalib çıxanlar, dünya səviyyəli şirkətlərdə təcrübə keçənlər, müxtəlif sahələr üzrə beynəlxalq sertifikatlar əldə edənlər, nüfuzlu elmi jurnallarda məqalə dərc etdirənlər var. Təqaüdçülərin əksəriyyəti IELTS beynəlxalq dil sertifikatını qazanaraq, onlayn platformalarda müstəqil surətdə təhsil alıblar. “Azercell” təqaüdünü magistr təhsilinə xərcləyənlər, təhsilini davam etdirmək üçün texniki avadanlıq alanlar da olub. “Azercell” təqaüdçüləri birmənalı olaraq hesab edirlər ki, bu proqramda qalib çıxmaq onların gələcək iş həyatları üçün müsbət addımdır.

Əhəmiyyətli faktlardan biri isə “Azercell” təcrübə proqramında iştirak edən tələbələrin sonradan şirkətdə işə qəbul edilməsidir. Təqaüdçülər şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etməklə təcrübə keçmək şansını əldə ediblər. Onların bir qismi “Azercell”də iş təklifi alaraq uğurlu karyera qurmağa müvəffəq olub.

Belə ki, proqram iştirakçılarından bəziləri “Azercell”in Marketinq, Rəqəmsal həllər və Partnyorluq, Texniki və Maliyyə departamentlərində işə qəbul olunublar.

2009-cu ildən etibarən “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində əsasən informasiya texnologiyaları üzrə ali təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Onlara bir il deyil, ümumilikdə təhsil müddətinin sonunadək hər ay 200 manat məbləğində təqaüd verilir. İndiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 235 tələbə “Azercell” şirkətinin təqaüdçüsü seçilib. Onlar arasında bakalavrlarla yanaşı, magistratura pilləsi üzrə təhsil alan gənclər də var. Bu il isə ikinci Qarabağ müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələr də həmin proqram çərçivəsində dəstəklənib.

“Azercell” gənclərin uğurlu karyera qurmasına kömək etmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına, həm də onların işlə təmin olunmasına dəstək məqsədilə 2007-ci ildən etibarən Təcrübə Proqramını da reallaşdırır. Hər il bu proqram çərçivəsində onlarla gənc “Azercell”də təcrübə keçərək telekommunikasiya sahəsi üzrə biliklərini artırır və gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanırlar. “Azercell” mütəmadi olaraq əmək yarmarkalarında, karyera sərgilərində də fəal iştirak etməklə istedadlı gənclərin şirkətdə işə qəbuluna şərait yaradır.

Ümumilikdə 2007-ci ildən indiyə qədər 231 tələbə “Azercell”in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 31-i isə şirkətdə işlə təmin olunub.

Təhsilə dəstək fəaliyyəti sosial məsuliyyət strategiyasının əsas sahəsi olan “Azercell” şirkəti Azərbaycanın bir çox qabaqcıl ali təhsil məktəbləri ilə əməkdaşlıq edir. Şirkət Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti və Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalayıb. Bu sazişlər çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunması, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir.

0