logo

Gürcüstandakı zəlzələ təşvişə səbəb olub

13:31 07-04-2021 | icon 2037
Gürcüstandakı zəlzələ təşvişə səbəb olub

Aprelin 7-də yerli vaxtla saat 13:02-də Gürcüstanda zəlzələ olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Gürcüstanın qərbində, Raça-Leçxumi və Aşağı Svaneti bölgəsinin Oni rayonu ərazisində 3,2 bal gücündə olub.

Qeyd olunur ki, bu son iki ayda həmin bölgədə qeydə alınan üçüncü zəlzələdir.

Ölkə ərazisində yeraltı təkanların artması mütəxəssisləri narahat edib.

Mütəxəssislər hesab edirlər ki, bu cür təkanlar paytaxt Tbilisinin Vaşlidcvari rayonu ərazisində torpaq sürüşməsini sürətləndirir. Bu da paytaxtda yeni ciddi problemlər yaradacaq.

Xatırladaq ki, paytaxtın Vaşlidcvari rayonunda magistral yolun yaxınlığında həm xeyli uzunluqda, həm də çox dərin torpaq çatı yaranıb.

Tbilisi şəhər meri Kaxa Kaladze deyib ki, həmin ərazilərdən əhalinin köçürülməsi hələlik planlaşdırılmır. Amma hər ehtimala qarşı, əhalisinin təxliyə planı hazırlanıb.

Meriyadan bildirilib ki, torpaq sürüşməsi və dərin yarğanın yaranması Muxran Maçavariani küçəsində və dağ yamacında son illər aparılan qazıntı və tikinti işləri ilə əlaqədar ola bilər.

Tbilisi şəhər meriyası ərazidə yaranmış təhlükəni nəzərə alaraq yolun əsas hissəsində avtomobillərin hərəkətini qadağan edib.

Meriya yolda və torpaq sürüşməsinin qarşısını almaq, insanları mümkün təhlükələrdən qorumaq üçün tədbirlər görür. Yamac boyu yolda təhlükəsizliyi təmin etmək üçün beton sədlər tikilir.

Qeyd edək ki, torpaq sürüşməsinin qeydə alındığı ərazilərdə turizm mərkəzləri, göllər və digər istirahət obyektləri var.