logo

Xərçəngə tutulan jurnalist Səbinə Əvəzqızı dövlətin dəstəyinə güvənir

20:40 20-03-2021 | icon 76118
Xərçəngə tutulan jurnalist Səbinə Əvəzqızı dövlətin dəstəyinə güvənir

Azərbaycan mediasının tanınmış simalarından biri, "Lent.az" saytının redaktoru Səbinə Əvəzqızı amansız xəstəlik olan xərçəngdən əziyyət çəkir.Mehriban, həyatsevər, pozitiv, həm də qayğıkeş həmkarımızın belə çətin sınaqla üzləşməsi hamımıza ağır təsir etdi: xərçəngin necə bəla olduğunu hər birimiz yaxşı bilirik.
Amma onu da bilirik ki, dünya tibb elminin bu bəlaya qarşı mübarizədə əldə etdiyi uğurlar bir çox hallarda onun qarşısını almağa imkan verir.

YeniAvropa xəbər verir ki, həmkarımız xəstəliyindən gec xəbər tutsa da, çoxsaylı ölkələrdə onun müalicəsi mümkün və realdır. Xüsusilə qardaş Türkiyədə onun tam sağlamlığa qovuşması imkanı var. Lakin kifayət qədər böyük vəsait hesabına başa gələn bu prosesi keçmək üçün Səbinənin maddi imkanları yetərsizdir.Bu barədə Səbinə özü məlumat verib:

-Mətbuatda ilk fəaliyyət yerim 1996-cı ildə “Press-Fakt” qəzeti olub. Daha sonra xeyli müddət “Yeni Müsavat” qəzetində çalışmışam. “Gün Səhər” qəzetində, uzun müddət “Həftə içi” qəzetinin eyniadlı saytında redaktor işləmişəm. Hazırda Lent.az saytının redaktoruyam. Gördüyün kimi, mediada stajım bir igidin ömrü qədərdir...

BF22DF52-0E2E-4A4F-BF3D-30611CCB9B23_w1080_h608_s.jpg (111 KB)

Bu müddət ərzində peşə etikasına əməl etməyə, daha dəqiqini desəm, öz peşəmə xəyanət etməməyə çalışmışam. Tanıyan həmkarlar, dostlar bilirlər buna nə qədər nail olduğumu. Hər halda, indiyədək adım bir dəfə də olsun neqativ hadisədə, jurnalist fəaliyyətimlə bağlı hansısa skandalda hallanmayıb. Düzünü deyim, peşəmi çox sevirəm, dövlətimə, xalqıma xidmət etməkdən yorulmuram. Hətta deyərdim ki, bu, mənim həyat tərzimə, yaşam qaydama çevrilib. Ən ağır xəstəlik hallarımda belə çalışmışam iş başında olum, cəmiyyətin doğru xəbərə olan ehtiyacını qarşılayım.

-Sən həmişə kriminal sahədə araşdırmalarınla tanınmısan.

-Düzdür, araşdırmalarım çox olub. Azərbaycanda əks-səda yaradan böyük cinayət işlərinin bir çoxu ilə bağlı araşdırmalar etmişəm. Onlardan biri də bu günlərdə həbs olunan general-leytenant Rövşən Əkbərovun ittiham olunduğu cinayət işi ilə bağlı olub. Onun Ukraynada törətdiyi cinayətdən ilk yazan jurnalistlərdən olmuşam. Çox şadam ki, haqq yerini tapdı və o, həbs edildi, bizim də əziyyətimiz yerdə qalmadı...

749a7005f1a0111619e4b56605bbdd63.jpg (98 KB)

Desəm ki, nə vaxtsa varlı olmuşam, yalan olacaq. Yoldaşım iş adamıdır – xırda sahibkarlıqla məşğuldur. Pandemiyadan bir neçə ay əvvəldən müəyyən problemlər yaranmışdı, pandemiya isə biznesinin tamamilə dayanmasına səbəb oldu. Artıq bir ildən çoxdur ki, yoldaşım faktiki olaraq işsizdir, düşdüyü böhranlı vəziyyətdən çıxa bilmir təəssüf ki. Yəni bu gün 4 nəfərlik ailəmizdə yeganə gəlir mənbəyi mənim aldığım maaşdır. Mən bundan qətiyyən narahat olmuram, çünki ailədirsə hər kəs çiynini yükün altına verməlidir. Bu gün əgər yoldaşım işindən olubsa, mənim ailəmizin xərclərini qarşılamağımdan təbii nə ola bilər ki...

-Xəstəliyindən nə vaxt xəbər tutdun?

-Dekabr ayında mən koronavirusa yoluxdum. Ev şəraitində müalicə olundum, sağaldım. Bundan sonra sinəmdə narahatlıqlar hiss etməyə başladım. Bu narahatlıqlara görə ardıcıl olaraq 3 peşəkar həkimə müraciət etdim. Hər üçü məndə bədxassəli şişdən şübhələndilər. Milli Onkoloji Mərkəzdə biopsi götürüldü, analiz üçün Türkiyəyə göndərildi. Cavablar bu günlərdə gəldi, məlum oldu ki, məndəki xərçəngdir, özü də kifayət qədər irəliləmiş haldadır. Həkimlərin dediklərinə görə, proses xroniki gedirmiş, Covid-19 virusu orqanizmimin müqavimətini azaltdığı üçün onu üzə çıxarıb.

-Müalicə ilə bağlı planların nədir?

-Süd vəzi xərçənginin müalicəsində ən yüksək nəticələr əldə edən ölkələr arasında Türkiyə ön sıralardadır. Mənim yaxından tanıdığım şəxslər də var ki, gedib orada bu bəladan canlarını qurtarıblar. Buna görə də çox istərdim ki, orada müalicə alım. Çünki məndə xəstəliyin inkişaf etmiş formasıdır, Azərbaycanda çətin ki, sağala bilim. Xərçəng xəstəliyi dünyanın hər yerində bahalı müalicələr tələb edən xəstəlikdir. Nə mənim öz ailəmin, nə də yaxın çevrəmdə kiminsə müalicəm üçün lazım olacaq maliyyəni təmin etmək gücü yoxdur. Nə gizlədim, heç vaxt arxaya pul qoyacaq qədər çox qazancımız olmayıb. Yoldaşımla əl-ələ verib övladlarımızı böyüdüb, normal təhsil almaları üçün çalışmışıq. Çox şükür ki, onlar da bizim əziyyətimizi yerdə qoymayıblar, ikisi də yaxşı universitetlərə qəbul olublar.

-Övladların xəstəliyinlə bağlı xəbəri necə qarşıladılar?

- İki övladım var, ikisi də tələbədir. Biri sonuncu kursdadır, biri də bu il qəbul olub. İkisi də yüksək bal toplayıblar, sağ olsunlar, üzümüzü ağ ediblər. Xəbər onları sarsıdıb desəm, yalan olmayacaq. Çox ağır təsir edib onlara. Sanki dünyanın sonu gəlib. İnanırsınız, bu halımla onlara ürək-dirək verməli oluram. Onların nə yaşı var ki... Hələ ana qayğısına, kiminsə onlara yol göstərməsinə ehtiyacları var. Bir ana kimi mənim də onlarla bağlı arzularım, ümidlərim çoxdur. Heç istəməzdim ki, bu mərhələdə onları qoyub gedim...

32836146_1697615550316655_6528235859106332672_n.jpg (61 KB)

Səbinə deyir ki, 30 ildən yuxarı jurnalist fəaliyyəti dövründə heç vaxt dövlətdən nə isə istəyi olmayıb:

-Nə hansısa fəxri ad, nə mənzil, nə də mükafat almaq istəyim olub. Düşünmüşəm ki, dövlət əsl ehtiyacı olan jurnalistlərə dəstək verməlidir. Demirəm ki, imkanım yüksək olub, yox. Amma yarımçıq da olsa, başımı saxlamağa evim var. Buna görə də heç vaxt ev üçün müraciət etməmişəm ki, evsiz olan kiminsə haqqına girməyim. Amma indi əsas gözləntim dövlətimdəndir. İlk dəfədir ki, dövlətimizdən özümlə, həyatımla bağlı dəstək istəyirəm. Övladlarımın, ailəmin mənə ehtiyacı var. Düşünürəm ki, mənim öz peşə fəaliyyətimi davam etdirməyim mətbuatımız, cəmiyyətimiz üçün də xeyirli olar.

Biz məcburi köçkün ailəsiyik: Kəlbəcərimiz Ali Baş Komandanımızın, Müzəffər ordumuzun sayəsində erməni işğalından azad olunub. Son 3-4 ayda biz artıq Kəlbəcərdəki evimizlə, onu necə təmir edəcəyimizlə bağlı planlar qurmuşuq. O qədər böyük xəyallarımız var ki... Heç istəməzdim ki, Kəlbəcəri, azad olunmuş Qarabağımızı görmədən bu dünyadan köçəm. Gedib Kəlbəcərdən Azərbaycan mediasına xidmət etmək istəyirəm. Əlbəttə, arzularım çoxdur. Dövlətimiz mənə yardım edib bu vəziyyətdən çıxmağıma dəstək versə, ailəlikcə bizim üçün ən böyük yaxşılığı etmiş olar.

Açığını deyim, hətta indiyə qədərki analizlərin, müayinələrin pulunu ödəməkdə xeyli çətinlik çəkmişik. Bundan sonrakı müalicələri necə qarşılayacağım haqda heç bir təsəvvürüm belə yoxdur. Yeganə gümanım dövlətimizədir. Azərbaycan rəhbərliyi, Prezident və birinci vitse-prezident daim mətbuat nümayəndələrinə qarşı həssas münasibət sərgiləyiblər. Dəfələrlə müalicəyə ehtiyacı olan həmkarlarımızın xərci dövlətimiz tərəfindən qarşılanıb. Çox ümid edirəm ki, mənimlə bağlı da bu humanizmin şahidi olacağıq../Musavat.com