logo

Türkiyə Çanaqqala Zəfərinin 106-cı ildönümü qeyd edir

12:52 18-03-2021 | icon 1673
Türkiyə Çanaqqala Zəfərinin 106-cı ildönümü qeyd edir

Martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından olan Çanaqqala döyüşlərinin 106-cı ildönümüdür. Bu döyüşlərdə Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə göstərdi. Çanaqqalada şəhid olanlar arasında üç mindən çox azərbaycanlı da olub.

YeniAvropa xəbər verir ki, 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşləridir. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini qəti şəkildə həll etməyi planlaşdırırdılar. Lakin türk ordusunun qəhrəmanlığı düşmənin bu planını puça çıxardı. Bu qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verib. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də tam məğlubiyyətə uğradı. Bu döyüşlər türk xalqının hərb tarixinə qızıl hərflərlə yazılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala Zəfərini “Anadoludakı türk varlığına və müqəddəs dəyərlərinə düşmən olanlara qarşı qəhrəman əcdadlarımızın yazdığı şanlı dastan" adlandırıb. Qeyd edib ki, "ən çətin şərtlərdə belə düşmənlərini məğlub edən türk milləti birliyini qorumaq üçün eyni düşüncə ilə canından keçməyə hazırdır”.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən “Çanaqqala dəniz zəfəri və 18 Mart - Şəhidləri Anma Günü” ilə əlaqədar Türkiyə ərazisində nəzərdə tutulan bütün tədbirlər sosial məsafə qaydaları çərçivəsində keçiriləcək.