logo

Paytaxtda daha 3 məktəb koronavirusa görə bağlandı

16:09 15-03-2021 | icon 2835
Paytaxtda daha 3 məktəb koronavirusa görə bağlandı

Paytaxtdakı 166, 248 və 258 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 166 nömrəli tam orta məktəbdə iki, 258 nömrəli tam orta məktəbdə üç, 248 nömrəli tam orta məktəbdə yeddi müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edilib ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icra vəziyyəti ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 50 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlıqlarına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Xatırladaq ki, BŞTİ-nin tabeliyindəki 316 ümumi təhsil müəssisəsində 455 min 994 şagirdin təlim-tərbiyəsi ilə 28 min 354 müəllim məşğul olur.