logo

Yeni Zelandiyada 8,1 ballıq zəlzələ: sunami xəbərdarlığı edildi

12:30 05-03-2021 | icon 3920
Yeni Zelandiyada 8,1 ballıq zəlzələ: sunami xəbərdarlığı edildi

Martın 5-də səhər saatlarında Sakit okeanın cənub hissəsində baş vermiş zəlzələ həmin ərazidə yerləşən bir çox ölkələrin sakinlərinin təxliyə edilməsinə səbəb olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 8,1 bal gücündə yeraltı təkanlar Yeni Zelandiyanın şimal-şərq sahillərində qeydə alınıb. Nəticədə Meksika və Peru da daxil olmaqla bir sıra dövlətlərdə sunami xəbərdarlığı elan edilib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, güclü zəlzələ yerli vaxtla saat 8:30-da Kermadek adası yaxınlığında baş verib. Bu, həmin ərazidə son bir neçə saatda qeydə alınmış silsilə zəlzələlərin ən güclüsü olub.

Rəsmi mənbələr həlak olanlar və yaralananlar barədə məlumatların hələlik daxil olmadığını bildirirlər.

Yeni Zelandiyanın hakimiyyət orqanları sunami xəbərdarlığı elan etsə də, sonradan onu yalnız sahil zonasında yerləşən rayonlar üçün saxlayıb. Təxliyə barədə xəbərdarlıq isə təxirə salınıb.

ABŞ Okean və Atmosfer Tədqiqatları Milli İdarəsi Vanuatu, Meksika, Peru, Çili və Sakit okeanın digər rayonlarında 1 metrdən 3 metrədək sunami dalğaları barədə xəbərdarlıq edib.

Agentliyin yaydığı məlumata görə Avstraliyanın Norfolk və Yeni Zelandiyanın Qreyt-Barrier adalarında daha az hündürlüyə malik dalğalar qeydə alınıb.