logo

İsrailli həkim Vətən müharibəsi qazimizə göz bəbəyi köçürdü

17:28 03-03-2021 | icon 1533
İsrailli həkim Vətən müharibəsi qazimizə göz bəbəyi köçürdü

Vətən müharibəsinin iştirakçısı Arif Hacıyev döyüşlər zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda, bir gözündən yara alıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, israilli həkim tərəfindən üçqat prosedur əməliyyatı aparılıb. Nəticədə qazinin gözünün içərisinə okulyar bir linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.

Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaq.

Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.