logo

Yaponiya hökuməti Azərbaycana 235 min dollarlıq qrant yardımı edib

13:53 03-03-2021 | icon 1953
Yaponiya hökuməti Azərbaycana 235 min dollarlıq qrant yardımı edib

Martın 3-də Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ilə “Qlobal-Humanitar Təşkilatı” İctimai Birliyinin, “Gənc Mühasiblər” İctimai Birliyinin, “Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin, “Prioritet Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədrləri arasında “Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində 4 qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki,  budəfəki müqavilələrdə nəzərdə tutulan yardımın ümumi məbləği 234,964 ABŞ dolları təşkil edir.

Bu layihələrin icrası nəticəsində Lənkəran rayonunun Baliton kəndində içməli su təchizatı sistemi qurulacaq, Masallı rayonunun Qodman, Saatlı rayonunun Əbil, Qazax rayonunun Çaylı kəndlərində isə yeni kiçik tibb məntəqəsi inşa olunacaq. Beləliklə, bu günə qədər Azərbaycanda həyata keçirilmiş “Ot kökləri” layihələrinin ümumi sayı 266-ya çatıb, ümumi dəyəri isə 22 milyon ABŞ dollarını ötüb.

Qeyd edək ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı insan təhlükəsizliyi ideyasını rəhbər tutaraq, Yaponiya hökuməti tərəfindən inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına dəstək məqsədilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Əhalinin sağlamlığı və həyat təhlükəsizliyinin, o cümlədən minimum həyat standartlarının təmin olunması bu proqramın əsas prioritetidir.