logo

Xocalı  soyqırımından 29 il ötür

09:35 26-02-2021 | icon 1757
Xocalı  soyqırımından 29 il ötür

Ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisəsindən 29 il ötür.

 YeniAvropa xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal ediblər. İşğalçılar Xocalı şəhərini darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törədiblər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən, 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən, 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməsini və təcavüz zamanı beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasını BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrində qəti şəkildə pisləyib.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Lakin Ermənistan hələ ki, dünya ictimaiyyətinin mövqeyinə, xüsusilə Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymur və beləliklə, beynəlxalq hüququ kobudcasına pozmağa davam edir. Ermənistan qəsb olunmuş ərazilərdə hərbi mövcudluğunu saxlayaraq, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirərək, yüz minlərlərlə azərbaycanlının orada yerləşən doğma yurd-yuvalarına qayıtmasının qarşısını alaraq, işğala əsaslanan mövcud status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.