logo

MEDİA-da idman mətbuatına dəstək mövzusunda görüş keçirilib

18:30 25-02-2021 | icon 1519
MEDİA-da idman mətbuatına dəstək mövzusunda görüş keçirilib

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin(MEDİA) icraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev arasında görüş keçirilib.

YeniAvropa xəbər verir ki, görüşdə AİJF-nin Agentliyə təqdim etdiyi təkliflər paketi və idman mediasına mümkün dövlət dəstəyi ilə bağlı müzakirələr aparılıb.

Ə.İsmayılov qeyd edib ki, təqdim olunan bəzi təkliflər Agentliyin qarşısına qoyduğu planlarla üst-üstə düşür.

Görüşdə, həmçinin Agentliyin fəaliyyətində heç bir media nümayəndəsinə fərq qoymayacağı, idman jurnalistlərinin də digər media nümayəndələri kimi dövlətin yaratdığı imkanlardan istifadə edə biləcəkləri vurğulanıb. Qeyd edilib ki, yaxın gələcəkdə tətbiqi planlaşdırılan yeniliklərə əsasən, istər qəzetlər, istər saytlar, istərsə də digər media subyektləri tərəfindən biznes layihələrinin hazırlanıb Agentliyə təqdim edilməsi nəzərdə tutulur. Bu layihələr həmin media subyektinin gələcək inkişafına təkan vermək məqsədi daşımalıdır. Agentlik perspektivli olacağına əmin olduğu təqdirdə həmin layihələrin və onları təqdim edən media qurumlarının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirə bilər. İdman saytları da layihələrlə çıxış etmək imkanından faydalana biləcəklər.

Söhbət zamanı bildirilib ki, ötən il olduğu kimi, bundan sonrakı dövrdə də idman jurnalistləri Agentlik tərəfindən təşkil edilən yazı müsabiqələrinə qatıla bilərlər.