logo

Paşinyan Yerevandakı mitinqdə  rəqiblərini həbslərlə hədələdi

17:44 25-02-2021 | icon 2009
Paşinyan Yerevandakı mitinqdə  rəqiblərini həbslərlə hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan siyasi rəqiblərini həbslərlə hədələyir.

YeniAvropa Ermənistan KİV-lərə istinadla xəbər verir ki, Yerevanda keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış edən Paşinyan siyasi bəyanatlar sərhədini aşanların həbs olunacağını bildirib.

Xalqı qarət edənlərin hakimiyyətə qayıtmaq imkanı olmadığını və onu öz postundan yalnız xalqın kənarlaşdıra biləcəyini söyləyən Nikol Paşinyan deyib: “Qoy xalq tələb etsin, qoy məni xalq mühakimə etsin”.

Nazirlər Kabinetinin rəhbəri növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını nəzərdən keçirməyi təklif etdiyini, lakin müxalifətin bundan istifadə edərək vəziyyəti radikallaşdırdığını xatırladıb. Nikol Paşinyan tərəfdarlarının xahişi ilə artıq bu məsələni gündəlikdən çıxardığını bildirib.

Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc işlətməkdən çəkinməyə çağırıb. Buna səbəb baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifədən azad edilməsi olub. O, hökumət başçısının “İsgəndər” kompleksi barədə dediklərini məsxərəyə qoyub.

Nikol Paşinyan isə öz növbəsində baş qərargah rəisi Onik Qasparyanı könüllü olaraq istefa ərizəsi yazmağa çağırıb.