logo

"Şahdəniz” yatağında qaz hasilatı bərpa edilib

16:46 24-02-2021 | icon 2072
"Şahdəniz” yatağında qaz hasilatı bərpa edilib

“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının nəqli qısamüddətli dayanmadan sonra bərpa olunub.

YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

“Platformaların birində hasilat qısa müddətdə dayandırılıb. Bir neçə saat ərzində problem aradan qaldırıldı və qazın nəqli davam etdirildi”, - deyə SOCAR rəsmisi bildirib.

İbrahim Əhmədov əlavə edib ki, hazırda dayanmanın səbəbi araşdırılır.

Xatırladaq ki, fevralın 23-də “Şahdəniz” qaz yatağı ərazisində yaranmış texniki nasazlıq səbəbindən  Azərbaycandan Türkiyəyə təbii qaz tədarükünün dayandırılması barədə məlumat yayılıb.

Qeyd edək ki, "Şahdəniz" yatağında hasil edilən təbii qaz sualtı boru kəmərləri vasitəsilə Bakı şəhərindən 55 km cənubda yerləşən Səngəçal terminalına çatdırılır. Daha sonra qazın bir hissəsi Səngəçal terminalından Azərbaycanın milli qazpaylayıcı şəbəkəsinə qoşulan SOCAR-ın müvafiq boru kəmərinə ötürülür. Qazın qalan hissəsi isə Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac edilir.