logo

Bakıda 8 avtomobil zəncirvari qəza törətdi:1 nəfər öldü, 1-i isə yaralandı

14:30 24-02-2021 | icon 5838
Bakıda 8 avtomobil zəncirvari qəza törətdi:1 nəfər öldü, 1-i isə yaralandı

Daxili İşlər Nazirliyi(DİN) fevralın 24-də bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən elan olunan xəbərdarlıqlara bəzi sürücülər tərəfindən əhəmiyyət verilməməsi nəticəsində fevralın 24-də səhər saat 8 radələrində ağır yol-nəqliyyat hadisəsi baş verib. Əsas səbəb yolların qarlı və buzlu olduğu vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub. Belə ki, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qəzadan sonra həmin ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının gördükləri operativ tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir.

DİN bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırıb.