logo

Azərbaycanın təhsil naziri Türkiyədə səfərdədir

15:30 22-02-2021 | icon 6804
Azərbaycanın təhsil naziri Türkiyədə səfərdədir

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, fevralın 22-də Ankarada Azərbaycanın təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərliyi ilə heyətlərarası görüş keçirilib.

Görüşdən sonra nazirlər birgə mətbuat açıqlaması ilə çıxış ediblər. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfər qazanaraq işğal altındakı torpaqlarını düşməndən azad etdiyini və bu haqq mübarizəsində Türkiyənin ölkəmizə siyasi mənəvi dəstək göstərdiyini xatırladan Emin Əmrullayev diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi, təhsil sistemində də geniş əlaqələr mövcuddur. Hazırda Türkiyənin ali təhsil müəssisələrində 23 minə yazın azərbaycanlı tələbə təhsil alır.

Ötən həftə Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalandığını xatırladan azərbaycanlı nazir bu sənədin faydalı cəhətlərindən bəhs edərək əminliklə vurğulayıb ki, peşə təhsili sahəsində əmək bazarı üçün keyfiyyətli ixtisaslı kadrların hazırlanması üçün böyük imkanlar yaranıb.

Ziya Selçuk Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əlaqələrin bundan sonra daha da sürətlə genişlənəcəyinə əmin olduğunu ifadə edərək qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün fikir və düşüncələrini bölüşüb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhatəli olduğunu diqqətə çatdıran Ziya Selçuk bildirib ki, tərəflər protokolun icrası, 1993-cü ildən bəri Azərbaycanda mövcud olan türk məktəblərinin gələcəyi, o cümlədən Türkiyə Maarif Vakfının fəaliyyətinin tənzimlənməsi və s. məsələlər müzakirə olunub.