logo

BMT Azərbaycana 2 milyon dollar ayırdı

15:07 02-02-2021 | icon 1491
BMT Azərbaycana 2 milyon dollar ayırdı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrindəki təcili humanitar fəaliyyəti dəstəkləmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb.

YeniAvropa xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib. Qeyd edilib ki, münaqişədən zərər çəkmiş bölgələrdə təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayrılıb.

Ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.

Bu vəsait BMT-nin ölkə üzrə İdarə Heyətinin Azərbaycan Hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələrinə əsasən ayrılıb. Vəsait münaqişənin təsirinə məruz qalan əhalinin sığınacaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasını, minalardan təmizləmə fəaliyyətinin əlaqələndirilməsini, zəruri dərman və tibbi avadanlıqlarının çatdırılmasını, habelə mental sağlamlıq və psixoloji-sosial xidmətlərin göstərilməsini dəstəkləyəcək.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq: "Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan Hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığmızı davam etdirəcəyik".

BMT-nin Baş katibi adından Təcili yardım üzrə əlaqələndiricinin idarə etdiyi CERF böhranlardan əziyyət çəkən insanlara kömək ütmək üçün ən çevik və effektiv yollardan biridir. Yarandığı gündən bəri bu Fond 104 ölkə və ərazidə yüz milyonlarla insana 6,5 milyard ABŞ dollarından çox yardım edib.