logo

Sabiq nazir oğlunun Avropada daha bir şirkəti üzə çıxdı

09:53 01-02-2021 | icon 1659
Sabiq nazir oğlunun Avropada daha bir şirkəti üzə çıxdı

Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlunun Avropada daha bir şirkətinin olduğu üzə çıxıb.

 YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün "Facebook" hesabında məlumat  paylaşıb.

Onun sözlərinə görə, keçmiş nazir Əli Abbasovun oğlu Eldar Abbasovun İsveçrədəki şirkəti – LENDED AG 50 000 frank nizamnamə kapitalı ilə 2018-ci il sentyabrın 13-də qeydiyyatdan keçib. Şirkət (qeydiyyat nömrəsi CH-170.3.042.824-2) informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir, İsveçrənin Zug şəhəri, Bahnhofstraße 32 ünvanında hüquqi qeydiyyatdadır.

2019-cu ildə şirkətin nizamnamə kapitalı iki dəfə artılaraq 100 min franka (təxminən 200 min manat) çatdırılıb və CAPİTERA AG adı ilə yenidən qeydiyyatdan keçib. Səhmdar Cəmiyyətdə keçmiş nazirin oğlunun ortağı Peter Szakolczai adlı Macarıstan vətəndaşıdır.

Eldar Abbasov Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutur, keçmiş "Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin kürəkənidir. Bundan əvvəl Eldar Abbasovun Türkiyədə nizamnamə kapitalı 1 milyon lirə olan şirkəti üzə çıxmışdı. Onun Londonda 4 şirkəti də (INFIPRO LIMITED, JDE CAPITAL LTD, JDE TRADING LIMITED və BITTOP LIMITED) fəaliyyət göstərib, bunlardan yalnız həyat yoldaşının adına rəsmiləşdirilmiş JDE TRADING LIMITED hazırda fəaliyyətini davam etdirir.