logo

Axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

15:55 27-01-2021 | icon 1554
Axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunmaları barədə sorğular edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynov Sadiq Telman oğlunun – 2012-2013-cü illərdə Şamaxı şəhərində digər şəxslərlə əlbir olaraq iki şəxsi öldürməyə cəhd etməsinə, Şamaxıda oğurluq və xuliqanlıq cinayətləri törətməsinə, həmçinin 2013-cü il martın 26-da istintaq təcridxanasında saxlanıldığı zaman qadağan olunmuş əşyadan - mobil telefondan istifadə etməsinə, eləcə də Yasamal Rayon Polis İdarəsinin istintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məmmədov Əhməd İbrahim oğlunun 2014-cü ildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Həmin şəxslər barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxslərin yerlərinin müəyyənləşdirilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin olunub. Nəticədə Sadiq Hüseynov və Əhməd Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya ediliblər.