logo

Strasburqda Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olunub

12:21 26-01-2021 | icon 1596
Strasburqda Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olunub

2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasına (AŞ) üzv olub. Strasburqda Avropa Şurası yanındakı daimi nümayəndəliyində ölkəmizin bu təşkilata üzv olmasının 20 illiyi münasibətilə tədbir keçirilib.

 YeniAvropa xəbər verir ki, Avropa Şurasının Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətimizin üzvlərinin də iştirak etdiyi tədbiri Avropa Şurası yanında daimi nümayəndəliyimizin rəhbəri Fəxrəddin İsmayılov açıb. Əvvəlcə 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin, eləcə də 20 Yanvar qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizi Avropa Şurasına aparan yolun qısa tarixinə toxunan F.İsmayılov bu yolda üzləşdiyi maneələrə rəğmən ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli mövqeyi sayəsində ölkəmizin 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməsinə nail olunduğunu bildirib. Daimi nümayəndə vaxtaşırı olaraq ikili standartlarla üzləşən Azərbaycanın Avropa Şurası daxilindəki münasibətlərin qarşılıqlı hörmət və dialoq üzərində qurulmasının vacibliyinə inandığını bildirib. O, 2001-ci ildə Ermənistanla birgə Avropa Şurasına qəbul edilən zaman Azərbaycanın Avropa qitəsinin bu mötəbər təşkilatının işğal altında olan torpaqlarımızın azad edilməsinə yardımçı olacağına dair böyük ümidlər bəsləndiyini xatırladıb, sonradan bu ümidlərin özünü doğrultmadığını qeyd edib.

F.İsmayılov müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən haqq-ədalətin bərpa edildiyini vurğulayıb və artıq 20 faiz torpağını işğaldan azad edən Azərbaycan üçün beynəlxalq aləmdə, o cümlədən Avropa Şurası çərçivəsində yeni bir dönəmin başladığını bildirib.

Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurasına üzvlüyümüzün 20 ili ərzində formalaşmış münasibətlər haqqında danışıb. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə təşkilatın mənzil-qərargahı qarşısında Azərbaycan bayrağının qaldırılması ilə bağlı tarixi mərasimin canlı şahidi kimi fikirlərini bölüşən komitə sədri 20 il öncə Ermənistanın işğalı ilə əlaqədar Azərbaycanın Avropa Şurasına ağrı ilə yanaşı, böyük ümidlərlə gəldiyini söyləyib. Buna baxmayaraq, ölkəmiz illər boyu qeyri-obyektiv mövqe və ikili standartlarla qarşılaşıb. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası hər birimizin böyük arzusu olub və bu arzu xalqın iradəsini əks etdirən və onu bir yumruqda birləşdirən, milli maraqları ən ali maraq kimi müdafiə edən lider, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sayəsində reallaşıb. S.Seyidov ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin nümayəndə heyətinin üzvləri kimi AŞ PA-nın qış sessiyasına gəlməkdən böyük qürur və fəxr hissi keçirdiklərini vurğulayıb.

Avropa Şurasına üzvlüyümüzün ilk günlərindən AŞ PA-da nümayəndə heyətimizin tərkibində olmuş deputat Rafael Hüseynov çıxışında ötən dövrlə bağlı xatirələrini bölüşüb və xüsusilə üzvlüyə qəbul edilməyimiz ərəfəsində ümummilli lider Heydər Əliyevin Avropa Şurası rəsmiləri ilə görüş və müzakirələrindən bir sıra tarixi məqamlara toxunub. O, vaxtilə AŞ PA-da nümayəndə heyətimizin rəhbəri olmuş, prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və əldə olunan nailiyyətlərə nəzər salıb və hazırkı heyətin də məhz onun müəyyən etdiyi xətt üzrə fəaliyyətini davam etdirdiyini söyləyib. Deputat Avropa Şurasına üzvlüyün 20 illiyini önəmli bir tarix kimi xarakterizə edib və bu illər ərzində ölkəmizin əldə etdiyi tərəqqini çox yüksək qiymətləndirib.