logo

Baş prokuror: Ötən il 30 nəfər Azərbaycana ekstradisiya edilib

15:11 25-01-2021 | icon 1995
Baş prokuror: Ötən il 30 nəfər Azərbaycana ekstradisiya edilib

2020-ci ildə dünyanı bürümüş koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanın prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələri möhkəmlənib, bu səmərəli əməkdaşlıq nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirilib.

YeniAvropa Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində keçirilən geniş kollegiya iclasında deyib.

Kamran Əliyev bildirib ki,hesabat dövründə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 853 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə ötən il ərzində birinci instansiya məhkəmələrində 10 min 849 şəxs barəsində 9455, apellyasiya instansiyası məhkəmələrində 3292 şəxs barəsində 2949, kassasiya instansiyası məhkəməsində 1314 şəxs barəsində 1097 (bütün instansiya məhkəmələri üzrə cəmi 15 min 455 şəxs barəsində 13501 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Bildirilib ki, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 saylı Çağrı Mərkəzində hesabat dövründə 17 min 421 müraciət qeydə alınıb. Onlardan 653-ü cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılıb, digərləri üzrə isə müvafiq hüquqi izahlar verilib.

Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin, peşə hazırlığının artırılması, prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərilməsi məqsədilə Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının 32 nəfərdən ibarət yeni tərkibi təsdiqlənməklə ötən ilin sentyabrında ilk iclas keçirilib.