logo

Kamala Harris ABŞ vitse-prezidenti olmaq üçün senator vəzifəsindən getdi

15:29 19-01-2021 | icon 1855
Kamala Harris ABŞ vitse-prezidenti olmaq üçün senator vəzifəsindən getdi

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris Ağ evdə ikinci sima qismində and içməzdən əvvəl Birləşmiş Ştatların Kaliforniya ştatını təmsil edən senatoru vəzifəsindən getmək barədə bu gün istefa ərizəsini yazıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Kamala Harris ABŞ vitse-prezidenti olmaq üçün Ağ evin yeni seçilmiş başçısı Co Baydenlə birgə yanvarın 20-də təşkil olunacaq 59-cu prezident inauqurasiyasında and içəcək.

ABŞ Konstitusiyasına müvafiq olaraq, vitse-prezident formal şəkildə Senata başçılıq edir. Son seçkilərin nəticələri və ABŞ Konqresinin Yuxarı Palatasında demokratların və respublikaçıların bərabər sayı nəzərə alınmaqla, səsvermədə iştirak etmək hüququ olan vitse-prezidentin məsuliyyəti qismən artır. Məhz bu səbəbdən demokratlar ABŞ Senatında çoxluq təşkil edə bilərlər.

Harris Kaliforniya qubernatoruna ünvanlandığı məktubunda qeyd edib ki, səsvermə zamanı Konstitusiya qarşısında borcunu yerinə yetirməkdən ötrü o, yorulmadan işləmək niyyətindədir. “Bununla belə, mən ümid edirəm ki, Senat qarşıdurmalar əvəzinə ümumi dil tapacaq və öz işini icra edəcək”, - deyə K.Harris əlavə edib.

Xatırladaq ki, Kamala Harris 2017-ci ildən ABŞ senatorudur. O, ABŞ vitse-prezidenti postuna seçilmiş ilk qadın, ilk afroamerikalı siyasətçi və Asiya mənşəli ilk siyasətçidir.