logo

Füzulidən Şuşaya çəkilən "Zəfər yolu" sentyabradək istifadəyə veriləcək

15:08 19-01-2021 | icon 2422
Füzulidən Şuşaya çəkilən "Zəfər yolu" sentyabradək istifadəyə veriləcək

Cari ilin sentyabrınadək 101,5 kilometrlik uzunluğa malik yeni Füzuli-Şuşa avtomobil yolunun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan prezident İlham Əliyev Şuşaya son səfəri zamanı bu yolu “Zəfər yolu” adlandırıb.


"Ölkə başçısının tapşırığına əsasən, “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. 

Buna paralel olaraq dövlət başçısının Füzuli rayonuna sonuncu səfəri zamanı təməli qoyulan, Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan və yeni trassa üzrə hazırlanmış layihə əsasında I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə də başlanılıb. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu qısalaraq 84,6 kilometr təşkil edəcək. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 kilometr olacaq. Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 kilometri 6, 48-84,6 kilometri isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək. Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 kilometrlik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. İki hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrliyindən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu layihəsinin icrası 2022-ci il ərzində tamamlanacaq.",-deyə  məlumatda bildirilib.

Qeyd edək ki, Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir.