logo

Yaqut Qarayeva: Peyvənddən sonra da özümüzü qorumalıyıq

13:10 16-01-2021 | icon 2093
Yaqut Qarayeva: Peyvənddən sonra da özümüzü qorumalıyıq

Vaksin vurduran insan yaxınları üçün təhlükə yarada bilməz. Vaksin vurulan kimi insanı qorumur. Bu, ümumi vaksinasiya prinsipidir. Vaksinasiyadan bir müddət sonra orqanizmə yeridilmiş preparata qarşı anticisimlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Bu, vaksinasiya, yəni aktiv immunizasiyanın prinsipidir və həmişə belə olur.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil olunan mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

"Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik. Peyvənd iki dozadan ibarətdir. Birinci dozanı vurduran insanlar virusa yoluxsalar, xəstəliyi yüngül keçirərlər, vaksinin müəyyən qoruyuculuğu olsa da, tam istədiyimiz nəticəni almaya bilərik. Ona görə də çox diqqətli olmalıyıq. Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır. Vaksinasiyanın aparılması risk qrupunda olan, xəstəliyi ağır keçirən, ağırlaşıb reanimasiya və intensiv terapiya şöbələrinə düşən xəstələrin sayını azaltmaq üçün lazımdır. 70-80 faiz əhali bu xəstəliyi ayaqüstə keçirə bilər. Lakin ağır keçirən, xəstəxanaya, hospitalizasiyaya ehtiyac olan insanlar yetərincə olur, ona görə də biz qapanmalara getməli oluruq. Hər kəs öz məsuliyyətini başa düşməlidir. Bizim hədəflərimiz yaşlılar və xroniki xəstəliyi olanlardır”, - deyə Y.Qarayeva qeyd edib.

O, həmçinin bildirib: "Hər kəsə müraciət edərək xahiş edirəm ki, nəticələr yaxşı olsa da qorunma tədbirlərinə indiki şəkildə davam edək. Yeni qapanmalara getməmək üçün əlimizdən gələni edək ki, bu rejimdən çıxa bilək. Karantin rejiminə getməmək üçün bu gün yalnız vaksinasiya yetərli deyil. Hər kəs məsuliyyətini dərk edərək sanitar-gigiyenik qaydalara da əməl etməli, vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupları mütləq olaraq, vaksinasiyaya cəlb olunmalıdır”.