logo

Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanılıb

15:31 13-01-2021 | icon 1617
Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanılıb

Tovuz rayonunda vətəndaşın etimadından sui-istifadə edərək onu işə düzəltmək adı altında dələduzluq yolu ilə aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumatda qeyd edilib.

Bildirilib ki, dələduzluq etməkdə şübhəli bilinən şəxs Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini 45 yaşlı Mahal Qurbanov Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının rayon sakininin müraciəti əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Araşdırma zamanı müəyyənləşdirilib ki, M.Qurbanov ötən ilin fevralında həmkəndlisini işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadaraq 2400 manat məbləğində pulunu alıb.

Bundan başqa, saxlanılan şəxs 2020-ci ilin mayında Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, onun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaiti nağdlaşdırmaq üçün 10 min manat məbləğində pul tələb edildiyini bildirib və bununla da özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Tovuz rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.