logo

Gürcüstan da yeni nəsil pilotsuz uçuş aparatları alacaq

17:11 22-12-2020 | icon 1911
Gürcüstan da yeni nəsil pilotsuz uçuş aparatları alacaq

Gürcüstan Müdafiə Nazirliyi ölkənin müdafiə qüdrətini artırmaq və dayanıqlı təhlükəsizliyini təmin etmək üçün 2021-ci ildə operativ, taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları (PUA) alacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili dekabrın 22-də parlamentdə yeni hökumət proqramının müdafiə hissəsini təqdim edərkən deyib.

 “Gürcüstan 2018-ci ildə Fransa istehsalı olan hava nəzarət radarları, mobil komanda məntəqəsi və “Mistral-3” zenit-raket kompleksləri alıb. Gələn il bu müqavilənin ikinci mərhələsi uğurla davam edəcək. Nazirlik üçün gələn il operativ və taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları alınacaq”,-deyə İ.Qaribaşvili bildirib.

Onun sözlərinə görə, növbəti illərdə nazirliyin manevr və artilleriya bölmələri müasir uçan kəşfiyyat avadanlığı ilə təchiz olunacaq, radioelektron və kəşfiyyat müşahidə vasitələri inkişaf etdiriləcək. 2018-ci ildə Fransa ilə imzalanmış müqavilənin birinci mərhələsi başa çatıb. 2021-ci ildə bu müqavilənin ikinci mərhələsinin uğurla başa çatacağı gözlənilir.

“Biz İsrail ilə Gürcüstandakı “Rafael” zenit sisteminin yenilənməsinə və modernləşdirilməsinə imkan verəcək müqavilə də imzalamışıq”, - deyə İ.Qaribaşvili vurğulayıb.