logo

ABŞ-ın yeni prezidenti Co Bayden "COVID-19"a qarşı peyvənd olundu

10:54 22-12-2020 | icon 1743
ABŞ-ın yeni prezidenti Co Bayden "COVID-19"a qarşı peyvənd olundu

ABŞ-ın yeni seçilən prezidenti Co Bayden COVID-19 əleyhinə “Pfizer/BioNTech” vaksininin ilk dozası ilə açıq şəkildə peyvənd edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, vaksinləmə ABŞ-ın Delaver ştatındakı Nyuark şəhərinin xəstəxanasında keçirilib. Onun həyat yoldaşı – ölkənin gələcək birinci xanımı Cill Bayden də həmin gün peyvənd edilib.

Baydenin peyvəndlənməsi ABŞ-da tibb işçilərinə vaksinin ilk dozaları tətbiq edildikdən bir həftə sonra və koronavirus əleyhinə ikinci vaksinin təcili istifadə olunmasına Qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti idarəsi tərəfindən icazə veriləndən sonra aparılıb.

“Pfizer” vaksini 95 faizli effektivliyin alınmasından ötrü bir neçə həftə fasilə ilə iki dozanın vurulmasını tələb edir. Co və Cill Baydenlərin vaksinin ikinci dozasını nə vaxt alacaqları hələ məlum deyil. Baydenin mətbuat katibi Cen Psaki bildirib ki, yeni seçilən vitse-prezident Kamala Harris və onun həyat yoldaşı Duq Emhoff gələn həftə peyvənd olunacaqlar.

Baydenin koronavirusla mübarizə ilə bağlı planına müvafiq olaraq, onun prezidentliyinin ilk 100 günündə təqribən 100 milyon peyvənd paylanılacaq. Bu isə 50 milyon nəfərin vaksinlənməsinə kifayət edəcək.