logo

“Ural Airlines" Bakı-Moskva çarter reyslərini həyata keçirəcək

17:11 04-12-2020 | icon 2310
“Ural Airlines" Bakı-Moskva çarter reyslərini həyata keçirəcək

Dekabr ayında "Ural Hava Yolları" aviaşirkəti Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə 3 çarter reysi həyata keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalından həyata keçiriləcək.

Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri icra olunur.