logo

Belarus səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

16:29 04-12-2020 | icon 1715
Belarus səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycandakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirib, ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. İki ölkə xalqlarını bağlayan tarixi və dostluq əlaqələrinə toxunan nazir Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.

Səfir Gennadi Axramoviç ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişafından məmnunluğunu bildirib, hətta COVID-19 pandemiyası dövründə belə iqtisadi əlaqələrdə artımın müşahidə edildiyini vurğulayıb. Səfir Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirib və ölkəmizlə bağlı xoş təəssüratlarının daim xatirində olacağını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.