logo

Həkim-infeksionist: Koronavirusa təkrar yoluxma ehtimalı var

15:59 02-12-2020 | icon 2149
Həkim-infeksionist: Koronavirusa təkrar yoluxma ehtimalı var

Koronavirusa ikinci dəfə yoluxma ehtimalı var və bu, dünyada da təsdiqini tapıb. Öz təcrübəmizdə müşahidə etmişik ki, daha öncə yayda yoluxan insanlarda yenidən eyni əlamətlər qeydə alınır. Bəlkə də bir müddətdən sonra belə hallarla daha da sıx rastlaşacağıq. Koronavirusa yoluxub sağalan insanların qanında anticisimlər yaranır. Həmin anticisimlər həm xəstəliyin keçirilib-keçirilmədiyini dəqiq göstərir, həm də bu xəstəliyə qarşı qoruyuculuqda əhəmiyyət kəsb edir. Zamanla anticisimlərin miqdarı azalır və nəticədə virusa yoluxanlarla təmas yenidən yoluxmaya səbəb olur. Bu baxımdan qandakı anticisimlərin miqdarı çox önəmlidir. Bu, sadəcə kəmiyyət deyil, keyfiyyət cəhətindən də əhəmiyyət daşıyır. Qanda anticisimlərin olmasına baxmayaraq, yenidən virusa yoluxma ehtimalı var. Belə ki, bu, insanın immun sistemi ilə əlaqədar olan bir məsələdir. Qripi təkrar olaraq keçirə biliriksə, koronavirusda da qoruyuculuq yaranmadığına görə təkrar yoluxma mümkündür. Təkrar yoluxma zamanı onu yüngül və ya ağır keçirmək yenidən yoluxma zamanı alınan virusun yükündən asılıdır. Hətta təkrar yoluxma zamanı xəstəliyi birinci dəfə müşahidə olunduğu kimi keçirmək mümkündür. Bu, insanın immun sistemindən və təmasda olduğu infeksiyadan, yəni virus yükündən asılıdır.

YeniAvropa xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib.

Həkim-infeksionist bildirib ki, koronavirusun ən azı yaz aylarına qədər davam edəcəyi dəqiqdir. Çünki kütləvi olaraq immunitet qazanılmadığı müddətdə bu virusun davam edəcəyi şübhəsizdir. Onun təkrar yoluxmasını da nəzərə alsaq, nə zaman bitəcəyini əvvəlcədən demək çox çətindir. Lakin koronavirus kütləvi peyvəndlə və ya gələcəkdə onun vilurentliyinin azaldılması, virus mutasiyaya uğrayıb daha yüngül formada keçdikdən, mortallığı, yəni ölümcüllüyü minimuma endikdən sonra onu sonlandırmağa nail ola bilərik. Lakin virus hələ uzun müddət yoluxdurmağa davam edəcək.

“Hazırda virusa yoluxmamağın yeganə yolu maskadan doğru istifadə etmək, kütləvi tədbirlərə zəruri deyilsə, ümumiyyətlə, qatılmamaq, gigiyena qaydalarına əməl etməkdir. Burada da həmrəylik göstərmək lazımdır. Dövlət tərəfindən atılan addımlarla yanaşı, vətəndaş həmrəyliyi də lazımdır. İctimai qınaq da olmalıdır, ətrafımızda maska taxmayan və doğru istifadə etməyənlərə öz iradımızı bildirməliyik. Əgər həmrəylik göstərməsək, qoyulan qayda-qanunlara əməl etməsək, o zaman virusun yayılma sürəti daha da arta bilər. Tendensiya yüksəlməyə doğru gedir. Baxmayaraq ki, maskadan istifadə tələbi daha da ciddiləşdirildi, düşünürəm ki, virusla yoluxma halları daha da artacaq.

Elə bir insan yoxdur ki, onun qohumları arasında koronavirusa yoluxan olmasın. Bəlkə də yoluxan olsa belə xəstəliyi yüngül formada keçirdiyinə görə COVID-19-a adi yanaşanlar var. Bu qədər yoluxma halı ölkənin səhiyyəsinə də çox böyük zərbə vurur. Baxmayaraq ki, yeni xəstəxanalar açılır, həkimlər ora mobilizə olur, ancaq gələcəkdə bu yükün altından çıxmaq çox çətin ola bilər. Ona görə də vətəndaşlar qoyulan qayda-qanunlara ciddi əməl etməlidirlər. Bildirmək istəyirəm ki, ağır xəstələr arasında vaxtilə qaydalara etinasız yanaşanlar da az deyil”, - deyə V.Əliyev qeyd edib.