logo

Azərbaycanda "Qələbə" paradı dekabrın 10-na planlaşdırılıb

17:11 01-12-2020 | icon 3598
Azərbaycanda "Qələbə" paradı dekabrın 10-na planlaşdırılıb

Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda  keçiriləcək hərbi parada hazırlıqlar artıq başlanılıb. 

 YeniAvropa xəbər verir ki, verilən məlumata görə, paradın dekabrın 10-da "Azadlıq" meydanında keçiriləcəyi planlaşdırılıb. Bu barədə hərbi mənbələrdən "Modern.az"a bildirilib.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı danışıb.

O, paradın tarixi barədə hələlik məlumatsız olduğunu deyib:"Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti parada hazırlaşır, gündəlik məşqlər gedir. Paradda iştirak edəcək Silahlı Qüvvələrin üzvləri bəllidir. Cənab Ali Baş Komandan hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman qələbə paradının anonsunu vermişdi və bildirmişdi ki, Azadlıq Meydanına qələbə bayrağı gətirəcəyik.

Ona görə də parad mütləq olacaq, amma dəqiq hansı gündə olacaq, bunu rəsmi qurumlar açıqlayacaqlar”.

Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib:

"Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu parad möhtəşəmliyi ilə seçiləcək, bu parada çatacaq parad olmayacaq”.