logo

Paytaxt küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılır

09:38 28-11-2020 | icon 1848
Paytaxt küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılır

Son günlərdə koronavirusa yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də səhər saatlarından etibarən Bakı şəhər İcra Hakimiyyətinin(BŞİH) strukturları növbəti - on yeddinci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirir.

YeniAvropa xəbər verir ki, bu barədə BŞİH-dən bildirilib. Qeyd edilib ki, bu işlərə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı cəlb edilib.

Gün ərzində paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, Bakı sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə xəbərdarlıq edilib.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, geniş dezinfeksiya işlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır.

Koronavirusun daha da çox yayılmasının qarşısını almaq üçün vətəndaşlardan karantin qaydalarına ciddi riayət etmələri xahiş olunur.