logo

Baş infeksionist:Özünümüalicə koronaviruslu xəstənin vəziyyətini daha da ağırlaşdırır

13:11 27-11-2020 | icon 1673
Baş infeksionist:Özünümüalicə koronaviruslu xəstənin vəziyyətini daha da ağırlaşdırır

Yeni növ koronovirus (COVID-19) infeksiyasına qarşı mübarizədə son vaxtlar özünümüalicə kimi zərərli tendensiya müşahidə olunur. Həkim və mütəxəssislərin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, bəzi xəstələr virusu ciddi qəbul etməyərək onun qarşısını özünümüalicə ilə almaqda davam edirlər.

YeniAvropa xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun narahatlığı da elə bununla əlaqədardır: “Təəssüf ki, infeksiyaya yoluxanlar yalnız vəziyyətləri ağırlaşmağa başlayanda və nəfəs darlığı yarananda həkimə müraciət edirlər. Çox vaxt onlar bunu əsas götürürlər ki, ətraflarında olanlar evdə qalmaqla, sosial şəbəkələrdə paylaşılan hansısa reseptdən istifadə etməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin onlar nəzərə almırlar ki, virusa yoluxan zaman risk qrupuna daxil olmaq olar və bundan sonra ağırlaşdırıcı halların baş verməsi mümkündür. Hər bir orqanizm fərdi xüsusiyyətlərə malikdir. Yaşından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə görə xəstəliyi ağır keçirə bilənlər var. Özünümüalicə nəticəsində vəziyyəti ağırlaşanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri səmərəli olmaya da bilər”.

Baş infeksionist narahatlığını belə yekunlaşdırıb: “Ona görə də əhalidən xahiş edirik ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Ev şəraitində müalicə alsalar belə, bunu mütləq həkim nəzarəti altında etsinlər".