logo

Milli Məclis hökumətə çağırış etdi: Fransa Minsk qrupu həmsədrliyindən geri çağırısın

16:10 26-11-2020 | icon 1848
Milli Məclis hökumətə çağırış etdi: Fransa Minsk qrupu həmsədrliyindən geri çağırısın

Milli Məclis son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilməsi barədə Azərbaycan Respublikası Hökumətinə çağırış edib.

 YeniAvropa xəbər verir ki, bu çağırış Fransa Senatının ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə qəbul etdiyi qətnaməyə dair Azərbaycan Milli Məclisinin bəyanatında yer alır.

Bəyanatda Fransa Senatı tərəfindən Azərbaycanın Qarabağ bölgəsindəki oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa Hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdi kimi səciyyələndirilir. Vurğulanır ki, Fransa Senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır. Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olub.

Sənəddə qeyd olunur ki, qətnamədə Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə silahlı qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Ermənistana qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törədildiyinə dair irəli sürülən iddialar saxta və əsassızdır. Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqlar bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməlidir.

Milli Məclis hökumətə, həmçinin Azərbaycan ilə Fransa arasında mövcud siyasi münasibətlərə yenidən baxılması, iqtisadi əlaqələrin dərindən təhlil edilərək, lazımi tədbirlər görülməsi barədə də çağırış ünvanlayıb.