logo

Xalq artisti Əjdər Həmidov vəfat edib

19:30 24-11-2020 | icon 19698
Xalq artisti Əjdər Həmidov vəfat edib

Xalq artisti Əjdər Həmidov vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”.

Qeyd edək ki,Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Bu illər ərzində müxtəlif janrlı obrazlarda çıxış edib.

Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaratmışdır. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirmişdir.

Əjdər Həmidov 2002-ci ildə "Əməkdar Artist",  2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına , 7 may 2020-ci ildəisə  Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!