logo

AMEA-da 4 milyon kitab yoxa çıxıb

17:28 23-11-2020 | icon 455
AMEA-da 4 milyon kitab yoxa çıxıb

"AMEA-nın Mərkəzi Elmi Kitabxanasında aşkarladığım oğurluq və nöqsanlar səbəbindən əsassız olaraq məni vəzifədən azad etdilər”.

YeniAvropa xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Sevil Zülfüqarova deyib.

O bildirib ki, 8 aylıq fəaliyyəti dönəmində kitabxanada üzə çıxardığı saxtakarlıqlardan və cinayət əməllərindən sonra onunla bağlı belə bir qərar verilib:

 
 
"Bu vəzifəyə təyin edildikdən sonra kitabxanada çox ciddi islahatlar həyata keçirmişik. Kitabxananın əvvəlki rəhbərliyindən qalma, tərəfimdən aşkara çıxarılan neqativ, hətta cinayət əməlləri AMEA-nın Rəyasət Heyətində kimlərisə ciddi narahat etməyə başlamışdı. Nöqsanları açıq şəkildə bildirdiyimə, təqsirkar şəxslərin cəzalandrılmasını tələb etdiyimə görə, məni nəinki dinləmək istəməyiblər, hətta Rəyasət Heyətinin iclaslarına da çağırmayıblar. Ötən həftənin əvvəlində COVİD-19-a yoluxmağıma baxmayaraq, mənim işə gəlməyimi təkid edərək işdən çıxarılacağımla hədələyirdilər. Əslində isə məni 2014-2019-cu illər ərzində kitabxanada baş verən nöqsanları açıq şəkildə bildirdiyimə, təqsirkar şəxslərin cəzalandırılmasını tələb etdiyimə görə vəzifədən azad etdilər”.
S.Zülfüqarova aşkarladığı cinayət əməllərinin bir hissəsini açıqlayıb:
"2004-cü ildə 5 milyona yaxın fondu olan MEK-in hazırda 1 milyon 383 min 610 kitablıq fondu qalıb. 2014-cü ildə Avtomatlaşdırmış Kitabxana İnformasiya Sistemi üçün ALİSA proqramı alınsa da, tətbiq edilməyib. Əvəzində "kustar” üsulla sertifikatsız, lisenziyasız proqram yığılıb və ora yazılmış elektron kataloq, MRY, elektron baza isə silinib. Bu gün belə bir kitabxananın elektron bazası yoxdursa, hansı onlayn xidmətdən və beynəlxalq əlaqələrdən söhbət gedə bilər? Həmçinin, kitabxanadakı kompüterlərin və digər texniki avadanlıqların da lisenziyası yoxdur. Bu azmış kimi 122 min 567 manat dəyərində 113 kompüter, 18 proyektor oğurlanıb.
Bundan başqa, 2014-cü ildə 40 ştat vahidi, dəyəri 238 min 449 manat olan 42 adda avadanlıq (dəyəri 35 min manat olan book-driver, 23 min kitab üçün dezinfeksiyaedici aparat – şkaf, 28 min 500 manat dəyərində Printer Manaxron H.plaz.r., 18 min manat dəyərində surətçıxarma aparatı "Konika”, 14 min manat dəyərində olan kağız və karton qalığını ölçmək üçün cihaz və s.) MEK-dən çıxarılıb. Bu gün MEK-in Bərpa konservasiya şöbəsində minlərlə kitabın avadanlıq olmadığına görə bərpası mümkün deyil.
2014-cü ilə qədər elektron kitabxananın yaradılması, minlərlə PDF faylı MEK-in elektron bazasında öz əksini tapmayıb.
2017-ci ilin hesabatında nadir nəşrlər fondunda 15 min 37 nüsxə kitab göstərilsə də, hazırda fondda 10 min 15 nüsxə ədəbiyyat mövcuddur. 1403 nüsxə kitab isə müxtəlif səbəblərdən yoxdur. Bunlardan 61 nüsxə kitab səbəbsiz olaraq yerində yoxdur, 107 nüsxə kitab da "oxucudadır” adı altında aktlaşdırılıb. Qeyd edək ki, nadir fonddan oxucuya kitab verilmir. Verilən izahatlara əsasən qalan ədəbiyyatlar isə ümumi fonda geri qaytarılıb.
Həmçinin 2020-ci il sentyabr ayının 14-dən oktyabr ayının 31-ə qədər aparılan yoxlama zamanı kitab fondunun "C” formatında ("C” formatında həcmi böyük, ili qədim, çox qiymətli kitablar saxlanılır) 9957 nüsxə kitab olmalı idi, lakin yoxlama zamanı 824 nüsxə yerində aşkarlanmadı. 598 nüsxə ədəbiyyat isə inventar kitabında olan ədəbiyyatla uyğun gəlmədi. Yəni başqa adda olan ədəbiyyatlara inventar nömrələri yazaraq "C” formatına qoyulub ki, bu da inventar kitabında qeydiyyata alınan ədəbiyyat deyil. Beləliklə, yoxlama zamanı "C” formatında 1422 nüsxə ədəbiyyat çatışmazlığı aşkar olundu. MEK-in arxiv müdirinin verdiyi izahata əsasən MEK-in arxivi dağıdılıb.
Bundan başqa, MEK-də 2014-cü ilə qədər çalışmış ixtisaslı kadrların siyahısına nəzər yetirdikdə, 2014-2016-cı illər ərzində onlarla savadlı, bacarıqlı, ixtisaslı kadrın işdən çıxarıldığı diqqəti cəlb edir ki, qısa zaman ərzində bu qədər mütəxəssisin birdən-birə uzaqlaşdırılmasının hansı səbəbdən baş verdiyi məlum deyil. Yeni direktor vəzifəsinə təyin edildiyim keçən 8 ay pandemiya şəraitinə təsadüf etdiyinə baxmayaraq, qısa müddət ərzində fondun böyük bir hissəsi zirzəmidən, suyun içərisindən çıxarılaraq yuxarı mərtəbələrə daşınıb. Lakin nöqsanları aradan qaldırmağa çalışsaq da, kitabxananın sıfra enmiş nüfuzunu tam bərpa etmək mümkün olmur”.
S.Zülfüqarova onu da iddia edir ki, bütün bunlardan sonar ona qarşı kampaniyaya başlayıblar:
"Noyabr ayının 15-də mənim adımdan saytlarda çap edilmiş məqalələrin plagiat olduğu qeyd olunmuşdu. Halbuki adıçəkilən məqalələr mənim tərəfimdən qeyd edilən sayta təqdim olunmayıb. Bu barədə İdeologiya.az saytının rəhbərliyi tərəfindən də təkzib verilib və məqalələrin onların əməkdaşı tərəfindən səhvən sayta yerləşdirildiyi bildirilib.
Bu ilin oktyabr ayından başlayaraq kitabxananın mek.az saytına və sosial şəbəkələrdəki səhifələrinə mütamadi müdaxilələr olub. Vətən müharibəsi başladıqdan sonra isə MEK-in saytına müdaxilələr edilərək ölkənin prezidentinə, dövlətçiliyimizə, birliyimizə, milli maraqlarımıza qarşı yönələn məlumatlar yerləşdirilib. Bu barədə 8 oktyabr 2020-ci il tarixində AMEA Rəyasət Heyətinin mətbuat və informasiya şöbəsinə rəsmi məlumat da verilib. Görülən tədbirlərə baxmayaraq, bu müdaxilələr davamlı xarakter alıb və mənim adımdan internetdə yerleşdirilən məqalələr mek.az-a da yerləşdirilib. Bu müdaxilələrlə bağlı daxili araşdırma aparılıb və cavabdeh şəxslərin izahatları alınıb.
Məlum olub ki, MEK-in saytına və sosial şəbəkələrdəki səhifələrinə kitabxananın ictimaiyyətlə əlaqələr şöbəsinin işciləri müdaxilə edib, hətta feysbukda mənim adıma səhifə açaraq ləyaqətə, mənəviyyata uyğun olmayan, dövlətçiliyə zidd məlumatlar paylaşıblar. 
Bir daha qeyd edirəm ki, bütün bunlar mənə qarşı qurulmuş məqsədli oyunların tərkib hissəsidir. Artıq məsələ ilə bağlı Azərbaycan prezidentinin köməkçisi Anar Ələkbərova da məktub ünvanlamışam”.
Qeyd edək ki, AMEA noyabrın 20-də keçirilən iclasda Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova vəzifəsindən azad olunub. Qərar kitabxananın idarə edilməsində və fəaliyyətində yol verilən nöqsanlarla əlaqələndirlib.