logo

Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib

16:56 19-11-2020 | icon 1736
Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib

Prezident İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlarin icrası həyata keçirilir. Bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə dövlətimizin başçısının ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, bu il də bu işlər davam etdirilir. Bu gün ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin genişləndirilməsinə baxmayaraq, bu il üçün alınması nəzərdə tutulan Almaniya istehsalı olan 25 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin 16-sı artıq Bakıya gətirilib, qalanları da ilin sonuna kimi gətiriləcək.

Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaqdır.