logo

Azərbaycanda 300 min tondan çox pambıq yığılıb

14:54 16-11-2020 | icon 2310
Azərbaycanda 300 min tondan çox pambıq yığılıb

Fermerlərimiz ötən illərdə olduğu kimi, bu il də pambıqçılıqda yüksək məhsuldarlıq göstəriciləri əldə ediblər. Ötən il sahələrdən 295 min ton pambıq yığılmışdısa, bu il fermerlər indiyədək məntəqələrə 300 min tondan artıq pambıq təhvil veriblər.

 YeniAvropa xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib. Qeyd edilib ki, 2020-ci ildə pambıq üzrə orta məhsuldarlıq 30 sentneri keçib. Bu da Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biridir.

Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcminin, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

Cari ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. Bu gündək ən yüksək orta məhsuldarlıq Salyan (39,15 sent/ha), Neftçala (37,79 sent/ha), Yevlax (32,50 sent/ha), Beyləqan (32,33 sent/ha), Sabirabad (31 sent/ha), Saatlı (30,91 sent/ha), Ağcabədi (30,78 sent/ha) və Goranboy (30,68 sent/ha) rayonlarında qeydə alınıb.

Ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.

Qeyd edək ki, Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Yeni subsidiya mexanizminə əsasən, pambıqçı fermerlərə təhvil verdikləri məhsula görə dövlətdən həm əkin, həm də məhsul subsidiyası ayrılır. Pambıq sahəsinin hər hektarına görə, fermerə 220 manat subsidiya verilir, eyni zamanda, fermerlər qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat subsidiya alırlar. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manat olmaqla satın alınır. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.