logo

Neft Daşlarında ilk quyunun fontan vurmasından 71 il keçir

10:31 07-11-2020 | icon 2450
Neft Daşlarında ilk quyunun fontan vurmasından 71 il keçir

Noyabrın 7-si dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi Neft Daşlarında qazılan ilk quyudan neftin fontan vurduğu gündür. Düz 71 il əvvəl, 1949-cu ilin məhz bu günü 942 metr dərinlikdən neftin fontan vurması ilə Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırıb. Bununla da “qara qızıl”ın vətəni Azərbaycanda neft sənayesinin yeni inkişaf mərhələsi başlayıb.

YeniAvropa xəbər verir ki, 1950-ci ilin dekabrında neftçi Qurban kimi tanınan Qurban Abbasov və Mixail Kaveroçkinin qazdığı quyuların neft verməsi Neft Daşlarının şöhrətini daha da artırıb. Azərbaycanın dəniz neftçilərinin cəsarəti Xəzəri fəth etməyə imkan verib. Neft Daşlarında qazma və neftçıxarma istənilən hava şəraitində aparılırdı. Güclü dalğalar, Xəzərin coşması dəniz neftçilərinin iradəsini qıra bilmirdi. Bu, sözün əsl mənasında, qəhrəmanlıq mücəssəməsi idi.

1951-ci ilin fevralında Neft Daşlarından neftlə dolu ilk tanker yola salınıb. Həmin il estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış obyektlərinin inşasına başlanılıb.

Neft Daşlarının kəşfi dünyanın bütün dəniz və okean akvatoriyalarında axtarış-kəşfiyyat işlərinin inkişafına təkan verib. SSRİ dönəmində bütün metallurgiya sənayesində, raket-kosmik kompleksində məhz Azərbaycanda, xüsusən də Neft Daşlarında çıxarılan neftdən istifadə olunurdu. Həmin illərdə Neft Daşlarının şöhrəti o qədər geniş yayıldı ki, bu məkan hətta dövlət başçılarının səfər proqramlarına daxil edilirdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə dəniz neftinin hasilatı tarixində yeni mərhələ açıb. Neft Daşları dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Prezident İlham Əliyevin Neft Daşlarının 60 illiyi münasibətilə möcüzələr adasına tarixi səfəri də bu unikal həyata yeni nəfəs verib. Bu səfər Neft Daşlarının vətənimiz və xalqımız üçün nə qədər gərəkli olduğunu bir daha nümayiş etdirdi.

İndiyədək “Neft Daşları” yatağından 176,4 milyon ton neft və 14 milyard kubmetr təbii qaz çıxarılıb

Bu vaxtadək “Neft Daşları” yatağı üzrə qazılan quyulardan 176,4 milyon ton neft və 14 milyard kubmetr qaz hasil edilib. Neft hasilatının stabil saxlanmasında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) xüsusi yeri var. NQÇİ son illərdə neft hasilatında rekord göstəricilərə nail olur.

Hazırda yataqda illik neft hasilatı 945-950 min ton, qaz hasilatı isə 85 milyon kubmetr həcmindədir. Bu yataq Azərbaycanı dənizdə neft hasilatının vətəni, Neft Daşlarını isə dünyanın 8-ci möcüzəsi kimi tarixə salıb. Yataq neft-qaz sənayesinin inkişafında yeni mərhələnin - dəniz yataqlarının mənimsənilməsi mərhələsinin başlanğıcını qoyub. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikilib. Ötən illərdə Neft Daşlarında meydançalarla birlikdə təxminən 300 kilometr estakada inşa edilib.

Neft Daşları Azərbaycanda neft hasilatının artmasına təkan verib. Respublikada illik neft hasilatı 1948-ci ildəki 14 milyon tondan 1966-cı ildə 22 milyon tona çatıb. Dünya təcrübəsində ilk dəfə olaraq dənizdə laylara suvurma metodu məhz “Neft Daşları” yatağında tətbiq edilib. İşlənmənin əvvəlindən bəri Neft Daşlarında laylara 270 milyon kubmetrə yaxın su vurulub, bunun da nəticəsində quyuların fontan üsulu ilə işləməsinin müddəti xeyli uzadılıb və layların neftvermə əmsalı xeyli artıb.

Açıq dənizdə təcrübəli kadrların hazırlanmasında praktiki məktəb - “Neft Daşları” yatağı

“Neft Daşları” yatağı açıq dənizdə təcrübəli kadrların hazırlanması üçün praktiki məktəb olub. Həmin mütəxəssislər nəinki Azərbaycanda və keçmiş SSRİ-də, həmçinin dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə işləyirdilər. Abşeron-Balaxanıyanı qalxımından neft alınması sonradan “Azəri-Çıraq-Günəşli” kimi yataqların açılmasına zəmin yaradıb. Dünyada dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının əsasını qoymuş “Neft Daşları” yatağının kəşfi təkcə keçmiş SSRİ-də - Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okean akvatoriyalarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verib.

Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının böyük bir hissəsi dəniz akvatoriyalarının payına düşür. Dünya okeanları və dənizlərinin şelfində işlərin miqyası sürətlə genişlənir. Suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi gedir və fəxrlə deyə bilərik ki, bu böyük prosesin təməlini Azərbaycan neftçiləri qoyublar.

SOCAR-ın mütəxəssisləri köhnə yataqlarda müxtəlif üsulları tətbiq etməklə ayrı-ayrı yataqlar üzrə hətta hasilat artımına da nail olur. Belə ki, “Azneft” İstehsalat Birliyi üzrə “Abşeronneft” və “Bibiheybətneft” NQÇİ-lər neft hasilatını son illərdə artırıb. Təkcə “Abşeronneft” NQÇİ-yə aid yataqlarda ötən illərdə ümumi hasilat 2,5 dəfədən çox artıb. Üstəlik bu uğurlar aşağı maddi məsrəflərlə əldə edilib. Belə ki, hazırda “Azneft” İB üzrə hasilatın maya dəyəri dünyada ən aşağı sıralardadır, yəni əməliyyatların səmərəliliyi olduqca yüksəkdir. Şübhəsiz ki, bu da Azərbaycan neftçilərinin məharətinin və əzmkarlığının bəhrəsidir.

“Neft Daşları” NQÇİ səmt qazının əhalinin istehlakına yönəldilməsində də xüsusi rol oynayır

SOCAR 2014-cü ildən bu vaxtadək təxminən 5 milyard kubmetr səmt qazını platformalarda tutaraq ölkənin qaz təsərrüfatına verib. Hər il təxminən 1 milyard kubmetr səmt qazı əhalinin istehlakına yönəldilir. “Neft Daşları” neft və qazçıxarma idarəsindən isə ildə təqribən 250-280 milyon kubmetr səmt qazı yığılaraq əhaliyə verilir.

Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşən Neft Daşları

Dünyanın nəhəng sənaye komplekslərindən olan Neft Daşları Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Neft Daşlarının kəşf olunmasında və istismarında fədakarlıq göstərən qəhrəman dəniz neftçilərinin ən böyük mükafatı isə xalqımızın və dövlətimizin onlara dərin hörmət və məhəbbətidir.

Neft Daşları bünövrəsi 1947-ci ildə qoyulan dünyada ilk neft platformasıdır. O hazırda şəhər tipli qəsəbə olaraq Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizinın səthindən azacıq qalxan “Qara qayalar”ın ətrafında tikilib.

Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən Neft Daşları Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb. 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət deyil” (“The World Is Not Enough”) filminin bəzi kadrları məhz Neft Daşlarında lentə alınıb.

Azərbaycanda 2 milyardıncı ton neft də məhz ötən il 2017-ci il noyabrın 7-də hasil edilib

Dünyada sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarıldı və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarıldı və bu da tarixi hadisədir. Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən neft XX əsrin ortalarında Neft Daşlarında çıxarıldı. Bu o deməkdir ki, Azərbaycanın çox böyük və zəngin ənənələri var.

2017-ci il isə ölkəmiz üçün 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs etdi. Azərbaycanda 2 milyardıncı ton neft 2017-ci il noyabrın 7-də hasil olundu. Kiçik bir ölkədə işlənmənin əvvəlindən iki milyard tondan çox neftin hasil edilməsi həqiqətən də böyük hadisədir.