logo

Moldovada prezident seçkiləri keçirilir

09:45 01-11-2020 | icon 2100
Moldovada prezident seçkiləri keçirilir

Moldovada dördüncü prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, prezidentlik uğrunda 8 namizəd mübarizə aparır. Prezidentliyə namizədlərdən biri 50 faizdən yuxarı səs toplaya bilməsə, seçkilərin ikinci turu keçiriləcək. Yerli sosioloji sorğulara əsasən, əsas mübarizə Moldovanın hazırkı Prezidenti İqor Dodon və sabiq Baş Nazir Maya Sandu arasında gedəcək.

Prezident seçkilərini 1884 yerli, 309 beynəlxalq müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin sədrinin müavini Adil Əliyev, üzvləri Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri də var.

Səsvermə üçün 2 934 017 bülleten çap olunub, onlardan 2 168 620 bülleten rumın, 765 397 mini isə rus dilindədir.

Ölkədə prezident seçkiləri üçün 2 004 seçki məntəqəsi yaradılıb. Xarici ölkələrdə, o cümlədən Bakı da daxil olmaqla, 139 seçki məntəqəsi yaradılıb. Azərbaycanda hərbi vəziyyət elan olunduğundan Moldova MSK-ı Bakıda seçki məntəqəsinin saat 07:00-dan 18:00-a qədər fəaliyyət göstərəcəyi barədə xüsusi qərar qəbul edib.

Seçki məntəqələrinin hamısına videomüşahidə kameraları quraşdırılıb, səsvermə prosesi canlı yayımlanır.