logo

Gürcüstanda parlament seçkiləri keçirilir

09:10 31-10-2020 | icon 2114
Gürcüstanda parlament seçkiləri keçirilir

Bu gün Gürcüstanda növbəti parlament seçkiləri keçirilir. Səhər saat 8:00-da ölkə üzrə bütün seçki məntəqələri seçicilərin üzünə açılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivania məlumat verib.

Onun sözlərinə görə, bu gün 3 milyon 526 min 23 seçici (onların 14 min 170-i xarici ölkələrdədir) öz seçimini edəcək.

O deyib ki, ölkə üzrə 3657 seçki məntəqəsi səsverməyə tam hazırdır.

Xaricdə 38 ölkədə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək.

MSK sədrinin sözlərinə görə, seçicilər 48-i siyasi partiya, 2-si isə seçki bloku olmaqla, 50 seçki subyekti arasında seçim etməli olacaqlar. Seçicilər bu siyasi təşkilatlar və təşəbbüs qruplarının irəli sürdükləri majoritar namizədlərə də səs verməlidirlər.

T.Jvania deyib ki, stasionar müalicə, karantin və özünütəcriddə olan 10 min 845 seçicinin daşınan seçki qutuları vasitəsilə səsvermədə iştirakı təmin olunacaq.

Pandemiyaya baxmayaraq, seçki məntəqələrinə getməyin tam təhlükəsiz olduğunu qeyd edən MSK sədri bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün məntəqələrdə bütün qabaqlayıcı tədbirlər həyata keçiriləcək.

Qonşu ölkədə parlament seçkilərini yerli müşahidəçilərlə yanaşı 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri də izləyəcək.

Səsvermə prosesini 118 yerli və xarici KİV-in 5971 nümayəndəsi işıqlandıracaq.

Bu seçkilər yeni sistem üzrə keçirilir. Parlamentin 150 deputatının 120-si proporsional, 30-u isə majoritar qaydada seçiləcək.