logo

ANAMA:Ermənilər indiyədək Azərbaycan ərazisinə 13 ballistik raket atıb

18:11 29-10-2020 | icon 1589
ANAMA:Ermənilər indiyədək Azərbaycan ərazisinə 13 ballistik raket atıb

Oktyabrın 28-də Bərdəyə raket zərbəsi endirilib. Agentliyin əməliyyat-axtarış qruplarının apardıqları əməliyyat tədbirləri nəticəsində iki ədəd “Smerç” raketinin qalıqları aşkarlanıb. Həmin 9M525 kaset tipli raketin içində 72 bombacıq olur. Ümumilikdə Bərdədə 144 bombacıq tapılıb. Onların hər birinin tərkibində isə 330 qram partladıcı maddə və 456 qəlpə yerləşir.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov Bərdədə təşkil edilən brifinqdə məlumat verib.

O bildirib ki, oktyabrın 27-də Bərdəyə endirilən zərbədə də həmin raketdən istifadə olunub. Bundan əvvəl də Goranboy, Tərtər, Ağcabədi də mülki əhaliyə qarşı istifadəsi beynəlxalq konvensiyalara görə qadağan olunmuş kaset tipli raketlərin qalıqları və bombacıqları ANAMA tərəfindən aşkarlanıb. Eyni zamanda, Füzuli rayonunda ağ fosfor tərkibli partlamamış sursat aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-nın direktoru qeyd edib ki, ümumiyyətlə, sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə 13 ədəd ballistik “Skad” tipli raketlərlə zərbələr endirilib. Həmin raketlərdən ikisi Gəncəyə, biri Mingəçevirə, biri Qəbələyə, biri Kürdəmir ərazisinə düşüb. Bundan başqa Füzuli rayonu ərazisində bir ədəd partlamamış “Toçka-U” raketi aşkarlanıb. Bu gün aparılan əməliyyatlar zamanı da kaset tipli “Smerç” raketinin bombacıqlarını zərərsizləşdiririk.

Eləcə də agentlik tərəfindən sentyabrın 27-dən 24 saat ərzində fəaliyyət göstərən 28 mobil əməliyyat-axtarış qrupları yaradılıb. Agentlik yerli əhalinin təhlükəsizliyi üçün zəruri tədbirləri görməyə davam edir.