logo

Ermənistanın təxribatları nəticəsində həlak olan mülki şəxslərin sayı 90-a çatıb

14:30 29-10-2020 | icon 1729
Ermənistanın təxribatları nəticəsində həlak olan mülki şəxslərin sayı 90-a çatıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 29-u saat 13:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 90 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2406 ev, 92 çoxmənzilli yaşayış binası və 423 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.