logo

Ceyhun Bayramov isveçrəli həmkarı ilə telefonda danışıb

21:55 28-10-2020 | icon 1617
Ceyhun Bayramov isveçrəli həmkarı ilə telefonda danışıb

Oktyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasəti, bölgədəki ən son yüksək gərginlik, Bərdə şəhəri də daxil olmaqla, Ermənistanın cəbhə bölgəsindən aralıda yerləşən və heç bir hərbi hədəf əlamətləri olmayan, mülki əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutması barədə həmkarını məlumatlandırıb.

O, günahsız mülki əhalinin atəşə tutulmasının müharibə cinayətləri olduğuna diqqət çəkib. Nazir Ceyhun Bayramov, habelə həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumları nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verib.

İqnasio Kassis, öz növbəsində, mülki şəxslərə qarşı hücumlarla bağlı narahatlığını ifadə edib. O, İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə dair mövqeyini bir daha təkrar edib. İqnasio Kassis münaqişənin sülh yolu ilə həlli ilə bağlı rolu olacağı təqdirdə, ölkəsinin yardım etməyə hazır olduğunu qeyd edib.