logo

MN və DSX: "Ermənistan dövlət sərhədimizdə təxribatlar törədir"

14:54 27-10-2020 | icon 1603
MN və DSX: "Ermənistan dövlət sərhədimizdə təxribatlar törədir"

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi(MN) və Dövlət Sərhəd Xidməti(DSX) yeni humanitar atəşkəs rejimini pozan Ermənistanın Azərbaycan Respublikasının bərpa edilmiş dövlət sərhədləri istiqamətində təxribatlar törətməsi ilə bağlı birgə bəyanat yayıb.

YeniAvropa-ya daxil olan birgə bəyanatda qeyd edilib ki, yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

"Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir",-deyə bəyanatda qeyd edilir.